“SUPPLY BUİLDS” XİDMƏT ŞƏRTLƏRİ VƏ QAYDALARI BARƏDƏ İSTİFADƏÇİ RAZILAŞMASI
1) ÜMUMİ ŞƏRTLƏR
  • 1.1. Bu Xidmət Şərtləri və Qaydaları barədə İstifadəçi Razılaşması (bundan sonra “Razılaşma” adlanacaq) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən 2008210551 nömrəsi ilə qeydiyyata alınmış və hüquqi ünvanı Bakı şəhəri Natiq Əliyev 36, ev 17 ünvanında yerləşən, öz nizamnaməsinə uyğun fəaliyyət göstərən “Supply Builds” MMC-yə (bundan sonra “Supply Builds” və ya “Biz” adlanacaq) aid www.supplybuilds.com vebsaytına (bundan sonra “Vebsayt” adlanacaq) və orada təklif olunan xidmətlərdən istifadəyə şamil olunur.
  • 1.2. Vebsayt Supply Builds-in mülkiyyətindədir və Vebsaytda mövcud olan bütün mətnlər, qrafiklər, istifadəçi interfeysi, vizual interfeys, fotolar, əmtəə nişanları, loqolar, səslər, musiqilər kompüter kodları, habelə dizayn və struktur, həmçinin bu Razılaşmanın mətni (bundan sonra ümumilikdə “Məzmun” adlanacaq) Supply Builds-ə məxsusdur, əqli mülkiyyət hüquqlarına əsasən mühafizə olunur.
  • 1.3. VEBSAYTDAN İSTİFADƏ ETMƏKLƏ SİZ, BU RAZILAŞMANIN ŞƏRTLƏRİ VƏ QAYDALARI İLƏ QEYD-ŞƏRTSİZ RAZILAŞMIŞ OLURSUNUZ. ƏGƏR RAZILIQ VERMİRSİNİZSƏ, VEBSAYTDAN İSTİFADƏNİ DAYANDIRIN.
  • 1.4. Supply Builds istənilən vaxt bu Razılaşmaya, Məzmuna, qiymətlərə dəyişiklik, əlavələr etmək və ya müəyyən hissələri çıxarmaq, Vebsaytdan istifadəni məhdudlaşdırmaq, xidmətləri dayandırmaq hüquqlarını özündə saxlayır. Bu Razılaşmaya dəyişikliklər edildiyini mütəmadi yoxlamaq istifadəçinin öhdəliyindədir. Vebsaytdan istifadə etməklə Razılaşmaya edilmiş dəyişikliklərlə də razılaşmış olursunuz.
  • 1.5. Bu Razılaşma Vebsaytda “Alıcı” kimi qeydiyyatdan keçən istifadəçilərə aid Vebsaytdan istifadə qaydalarını və onlara göstərilən xidmət şərtlərini müəyyən edir.
2) RAZILAŞMADA İSTİFADƏ OLUNAN ƏSAS ANLAYIŞLAR
  • 2.1. Vebsayt – www.supplybuilds.com internet səhifəsi.
  • 2.2. İstifadəçi– bu Razılaşmaya əsasən Vebsaytda qeydiyyatdan keçməklə istifadəçi profilinə malik olan və ya qeydiyyatdan keçməməklə Vebsaytdan istifadə edən şəxslər.
  • 2.3. İstifadəçi profili– Qeydiyyatdan keçmiş İstifadəçilər üçün yaradılmış, İstifadəçinin VÖEN-i (əgər qeydiyyat zamanı daxil etmişdirsə), e-poçt ünvanı, telefon nömrəsi və ünvanı kimi şəxsi məlumatları, habelə İstifadəçi tərəfindən yaradılmış Alış sorğuları barədə məlumatları özündə birləşdirən şəxsi kabinet və hesab.
  • 2.4. Satıcı – məhsullarını tanıtmaq, potensial müştərilər qazanmaq və məhsullarının satışını təmin etmək məqsədilə Vebsaytda hüquqi şəxs və ya fərdi sahibkar kimi qeydiyyatdan keçən hüquqi və ya fiziki şəxs.
  • 2.5. Alıcı– ehtiyaclarına uyğun məhsul tapmaq məqsədilə Vebsaytda hüquqi şəxs, fərdi sahibkar, yaxud fiziki şəxs olaraq qeydiyyatdan keçən, potensial Satıcılardan qiymət təklifləri almaq üçün Alış sorğusu yaradan İstifadəçi.
  • 2.6. Alış sorğusu (RFQ)– Alıcının ehtiyac duyduğu məhsullara dair Satıcılardan qiymət təkliflərinin toplanması və zəruri məhsulların alışı məqsədilə yaradılan sorğu.
  • 2.7. Qiymət təklifi– Satıcıların Vebsaytda yerləşdirilmiş Alış sorğularının kriteriyalarına uyğun olaraq satmaq istədikləri malların, materialların, xidmətlərin və ya işlərin qiymətinin Alıcılara bildirilməsi.
3) RAZILAŞMANIN PREDMETİ
  • 3.1. Razılaşmaya əsasən Supply Builds Vebsaytda Alıcılar və Satıcılar (bundan sonra birlikdə “İstifadəçilər” adlanacaq) üçün müxtəlif çeşidli və növlü inşaat mallarının, materiallarının, xidmətlərin və ya işlərin alışına və satışına dəstək olmaq üçün Alış sorğularının yaradılmasını, Alış sorğularına Satıcılar tərəfindən qiymət təklifi verilməsini, Axtarış sistemindən istifadəni, İstifadəçilərin bir-biri ilə məlumat mübadiləsini təmin edir, İstifadəçilər isə bu Razılaşmanın şərtlərinə və qaydalarına əməl etməyi, Alış sorğularının göndərilməsi üçün Supply Builds-in təklif etdiyi Alış sorğusu paketlərindən birini və ya bir neçəsini satın aldığı təqdirdə onun (onların) dəyərini ödəməyi öhdələrinə götürürlər.
  • 3.2. Bu Razılaşmanı təsdiq etməklə Alıcılar satın almaq istədiyi inşaat malları materialları, xidmətləri və ya işləri barədə Alış sorğularının Vebsaytda yerləşdirilməsinə nail olur.
  • 3.3. Bu Razılaşmanın şərtlərinə və qaydalarına uyğun şəkildə Vebsaytdan istifadə etməklə Alıcı, satış bazarına təklif olunmuş mallar, materiallar, xidmətlər və ya işlər barəsində müfəssəl məlumatlar əldə edərək ən qısa zaman kəsiyi ərzində seçim və sifariş etmək imkanı əldə edir.
  • 3.4. Supply Builds Alıcı və Satıcı arasında sonrakı razılaşmalara və ya tərəflərin razılığa gələ bilməməsinə görə məsuliyyət daşımır və nə Alıcıya, nə Satıcıya razılığa gələcəklərini vəd etmir.
  • 3.5. Vebsayt vasitəsilə Alış sorğusu yaradan Alıcı bu sorğunun məzmununa görə özü məsuliyyət daşıyır.
4) XİDMƏTLƏRDƏN İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDASI
  • 4.1. Supply Builds tərəfindən Vebsayt vasitəsilə göstərilən xidmətlərdən aşağıda qeyd olunan yolla istifadə edə bilmək mümkündür:
    1. - İstifadəçilər Vebsaytda qeydiyyatdan keçməli və İstifadəçi profili yaratmalıdırlar. Vebsaytda qeydiyyatdan keçmək üçün İstifadəçilər öz şəxsi məlumatlarını – adını, soyadını, e-mail ünvanını, telefon nömrəsini müvafiq xanalara daxil etməlidir. Qeydiyyatdan keçdikdən sonra İstifadəçi daxil etdiyi e-mail ünvanını müvafiq qaydada təsdiqləməlidir. Bundan sonra qeydiyyat prosesi tamamlanmış hesab edilir və İstifadəçinin profili aktivləşdirilir.
  • 4.2. Qeydiyyatdan keçməklə Vebsayta daxil olan İstifadəçi bu prosedurlar zamanı daxil etdiyi şəxsi məlumatları Supply Builds-ə verməyə razılığını bildirmiş olur. İstifadəçi qeydiyyatdan keçərkən daxil etdiyi məlumatları sonradan dəyişdirə bilər.
  • 4.3. Alıcı, Vebsaytda ona lazım olan malları, materialları, xidmətləri və ya işləri bəyan etmək və Satıcılardan Qiymət təklifi almaq üçün Alış sorğusu (RFQ) yaratmalıdır.
  • 4.4. Alış sorğusu (RFQ) yaratmaq üçün ilk öncə, Supply Builds tərəfindən qiyməti və sorğu həcmi müəyyənləşdirilən Alış sorğusu paketi (bundan sonra “RFQ paketi” adlanacaq) satın alınmalıdır.
  • 4.5. Alıcı, RFQ paketlərinə daxil olan sorğu sayı qədər çeşiddə və ya növdə mal, material, xidmət və ya iş sorğulaya bilər.
  • 4.6. RFQ paketləri “İlkin” (30 sorğu), “Standart” (75 sorğu) və “Premium” (120 sorğu) olmaqla 3 qrupa ayrılır. RFQ paketlərinin məzmunu, sorğu həcmi, qiyməti Vebsaytda açıq şəkildə paylaşılır.
  • 4.7. RFQ paketləri Alıcı tərəfindən ancaq onlayn qaydada bank kartı vasitəsilə satın alına bilər.
  • 4.8. Hesabında aktiv RFQ paketi olan Alıcı Alış sorğusu (RFQ) yarada bilər.
  • 4.9. RFQ yaradan zaman Alıcı almaq istədiyi malın, materialın, xidmətin və ya işin adını, açıqlamasını, miqdarını, ödəniş formasını (tam və ya hissə-hissə) və çatdırılma yerini qeyd etməlidir.
  • 4.10.Satın alınmış RFQ paketi, ondan istifadə Supply Builds-in təqsirindən yaranmış və 1 (bir) aydan artıq davam edən texniki xətalar və ya çatışmazlıqlar istisna olmaqla, heç bir halda geri qaytarılmayacaqdır.
  • 4.11.Satın alınmış RFQ paketindən Alıcı Supply Builds-in təqsirindən yaranmış və 1 (bir) aydan artıq davam edən texniki xətalar və ya çatışmazlıqlar səbəbindən istifadə edə bilməzsə, bu barədə sübutedici sənədlərlə birlikdə Supply Builds-ə Vebsatda göstərilən əlaqə vasitəsiləri ilə müraciət edə bilər. Müraciətə 7 (yeddi) iş günü ərzində baxılıb, Alıcıya şifahi və ya yazılı qaydada cavab veriləcəkdir.
5) İSTİFADƏÇİNİN (ALICININ) HÜQUQLARI
  • 5.1. Vebsaytda bu Razılaşmada göstərilən qaydada İstifadəçi profili yaratdıqdan sonra Supply Builds tərəfindən təmin olunan xidmətlərdən istifadə etmək;
  • 5.2. Supply Builds tərəfindən Alıcılar üçün təqdim edilən bütün güzəşt və xüsusi təkliflərdən yararlanmaq;
  • 5.3. Vebsaytın fəaliyyətində, yaxud xidmətlərin məzmununda aşkar etdiyi qüsurlar, çatışmazlıqlar barədə Supply Builds-ə müraciət etmək və onu məlumatlandırmaq;
  • 5.4. Bu Razılaşmanın 4.11-ci bəndində göstərilən halda RFQ paketinə görə ödədiyi məbləğin geri qaytarılmasını Supply Builds-dən tələb etmək;
  • 5.5. İstifadəçi profilindəki məlumatlarını istədiyi zaman saxta olmayan məlumatlarla dəyişdirmək;
  • 5.6. Supply Builds-i yazılı qaydada, e-mail vasitəsilə məlumatlandırmaqla İstifadəçi profilinin ləğv edilməsini tələb etmək;
  • 5.7. Vebsaydan bu Razılaşmada göstərilən qaydalar və şərtlər daxilində və qanunvericiliklə qadağan olunmayan şəkildə istifadə etmək;
  • 5.8. Bu Razılaşmadan irəli gələn digər hüquqlar.
6) İSTİFADƏÇİNİN (ALICININ) VƏZİFƏLƏRİ
  • 6.1. İstifadəçi (Alıcı) Vebsaytda təklif olunan xidmətlərdən yararlanmaq üçün qeydiyyat qaydalarına riayət etməklə İstifadəçi profili yaratmalıdır və ya Vebsayta login və şifrə ilə daxil olmalıdır;
  • 6.2. Alıcı yaratdığı RFQ vasitəsi ilə hər hansı Satıcı ilə razılığa gəldikdə RFQ-nin son statusunu “Alışı təsdiqlə” olaraq təyin etməli, son nəticədə heç bir Satıcı ilə razılığa gələ bilmədikdə isə RFQ-nin son statusunu “Alışı rədd et” olaraq təyin etməlidir.
  • 6.3. İstifadəçi qeydiyyatdan keçərkən İstifadəçi profilinə tam və doğru məlumatları daxil etməli, başqasının adından, soyadından, e-mail ünvanından istifadə etməməlidir. Yalan məlumatların daxil edilməsi nəticəsində üçüncü şəxslərə dəyəcək hər hansı zərərə görə İstifadəçi özü məsuliyyət daşıyır. Daxil edilən məlumatların saxtalığı aşkar olunarsa, həmin İstifadəçinin Vebsayta daxil olması və ondan istifadəsi məhdudlaşdırıla bilər;
  • 6.4. İstifadəçi (Alıcı) Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozmamalı, eləcə də Vebsaytdan və xidmətlərdən istifadə zamanı hər kəs tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına riayət etməlidir;
  • 6.5. İstifadəçi (Alıcı) bunları etməməlidir:
    1. I. Başqa istifadəçinin hesabından qanunsuz istifadə etmək;
    2. II. Başqa şəxsin razılığı olmadan xidmətlərdən istifadə etmək üçün həmin şəxsə məxsus ödəniş kartlarından istifadə etmək;
    3. III. Vebsaytın məzmununa, dizaynına, mənbə kodlarına, fəaliyyətinə, habelə Vebsayta aid digər hissələrə müdaxilə etmək, tam və ya qismən surətini çıxarmaq, dəyişdirmək, kopyasını yaratmaq, Vebsaytın mülkiyyətçisinin razılığını almadan orada yerləşdirilmiş informasiya ehtiyatlarından istifadə etmək, onları yaymaq;
    4. IV. Vebsaytın fəaliyyətinə hər hansı icazəsiz və qanunsuz müdaxilə etmək (kodları dəyişdirmək, silmək, əlavə etmək, botlardan və ya digər elektron metodlardan istifadə) və ya başqalarını bu cür müdaxiləyə təşviq etmək, yaxud belə müdaxiləyə köməklik göstərmək;
    5. V. Vebsaytdan qərəzli niyyətlərlə istifadə etmək.
  • 6.6. Alıcı öz İstifadəçi Profilindən başqa şəxslərin istifadəsinə şərait yaratmamalıdır. Başqa şəxslərin Alıcının İstifadəçi Profilindən istifadəsi nəticələrinə görə Alıcı məsuliyyət daşıyır;
  • 6.7. Alıcı qeydiyyatdan keçərkən zəif və praktikada asan sındırıla bilən sayılan (doğum tarixi, ad, soyad, eyni rəqəmlər, eyni hərflər, ardıcıl rəqəmlər, ardıcıl hərflər və s.) şifrələrdən istifadə etməməlidir;
  • 6.8. İstifadəçi (Alıcı) qeydiyyatdan keçərkən bu Razılaşmanı tam şəkildə oxumalı, bunu təsdiq etdiyini bildirən düyməni sıxmalıdır;
  • 6.9. Azərbaycan Respublikasının qanunvericiliyi və hazırkı Razılaşma ilə nəzərdə tutulan digər vəzifələri icra etməlidir.
7) SUPPLY BUİLDS-İN HÜQUQLARI
  • 7.1. Vebsaytdakı məlumatları, Məzmunu, habelə bu Razılaşmanın şərtlərini birtərəfli şəkildə dəyişdirmək, əlavələr və çıxarışlar etmək;
  • 7.2. Supply Builds aşağıdakı məqsədlər üçün İstifadəçilərin bu Razılaşmadan göstərilən fərdi və analitik məlumatlarını toplaya bilər:
    1. - İstifadəçinin (Alıcının) identifikasiyası;
    2. - İstifadəçilərə qarşı bu Razılaşma və qanunvericiliklə müəyyən olunmuş öhdəlikləri icra etmək;
    3. - Marketinq məqsədləri;
    4. - Şikayətlərin araşdırılması və doğru qərarların verilməsi;
    5. - Xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması;
    6. - Anonim məlumatlar əsasında statistik və digər tədqiqatların aparılması;
  • 7.3. Vebsaytda daxil olduğu andan İstifadəçilərin Vebsaytda hərəkətlərini izləmək, bununla bağlı qeydiyyat aparmaq, statistik məlumat bazası formalaşdırmaq, bu cür məlumat bazasını işləmək, analiz etmək. Bununla bağlı Supply Builds aşağıdakı analitik məlumatları toplaya bilər:
    1. - Vebsaytda daxil olmaq üçün istifadə edilən cihaz barəsində informasiya;
    2. - İstifadəçinin (Alıcının) Vebsaytda daxil olduğu IP ünvan və ölkə;
    3. - Daxil olan cihazın əməliyyat sistemi;
    4. - Daxil olmaq üçün istifadə olunan internet brauzer barədə məlumatlar;
    5. - İnternet provayderi;
    6. - Vebsaytda keçirilən vaxt, giriş saat(lar)ı;
    7. - Vebsaytın hansı bölmələrinə daxil olunma və ya əməliyyatları etməsi məlumatları.
  • 7.4. Alıcının qeydiyyatdan keçərkən daxil etdiyi məlumatları toplamaq, işləmək və qanunla yol verilən məqsədlər üçün istifadə etmək;
  • 7.5. Supply Builds, İstifadəçi (Alıcı) Vebsayta daxil olduqdan analitik və digər məlumatları toplamaq və saxlamaq üçün çərəzlərdən və veb-mayaklar da daxil olmaqla müxtəlif texnologiyalardan istifadə edə bilər. Bu, Vebsaytın və xidmətlərin inkişaf etdirilməsinə və istifadəçilərə daha yaxşı xidmət etməyə kömək edəcək;
  • 7.6. İstifadəçi (Alıcı) tərəfindən təqdim olunan məlumatların, eləcə də İstifadəçi (Alıcı) tərəfindən bu Razılaşmanın şərtlərinin yerinə yetirilməsinin yoxlanılmasını həyata keçirmək;
  • 7.7. İstifadəçinin (Alıcının) bu Razılaşmanın müddəalarını pozduğuna dair əsaslı şübhələr olduqda, belə şübhələr aradan qalxana kimi xidmətlərin göstərilməsini müvəqqəti dayandırmaq, yaxud şübhələr təsdiq olunduqda İstifadəçinin (Alıcının) Vebsayta girişini ömürlük məhdudlaşdırmaq;
  • 7.8. Azərbaycan Respublikasının qanunvericiliyi və hazırkı Razılaşma ilə nəzərdə tutulan digər hüquqlar.
8) SUPPLY BUİLDS-İN VƏZİFƏLƏRİ
  • 8.1. Bu Razılaşmanın şərtləri və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qayda və şərtlərlə İstifadəçilərə xidmət göstərmək;
  • 8.2. Bu Razılaşmanı hər qeydiyyatdan keçən İstifadəçiyə təqdim etmək və Vebsaytda görünən yerdə yerləşdirmək;
  • 8.3. İstifadəçilərin (Alıcıların) sorğularını qanunvericilikdə göstərilən müddətdə cavablandırmaq;
  • 8.4. Vebsaytdan istifadəyə mane olan halların aradan qaldırılmasında İstifadəçilərə köməklik göstərmək;
  • 8.5. Vebsaytın və İstifadəçilərin (Alıcıların) fərdi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün zəruri mühafizə tədbirləri həyata keçirmək;
  • 8.6. Aşağıdakı hallar istisna olmaqla, İstifadəçilərin fərdi məlumatlarını başqa şəxslərə açıqlamamalı, verməməlidir:
    1. - Qanunvericilikdə göstərilən hallar (hüquq-mühafizə orqanlarının, məhkəmələrin, müvafiq dövlət orqanlarının rəsmi tələbi əsasında);
    2. - Xidmətlərin icrası ilə bağlı Supply Builds daxilində və ya onun cəlb etdiyi üçüncü şəxslə paylaşılması;
    3. - Hüquqi varislik zamanı.
  • 8.7. Azərbaycan Respublikasının qanunvericiliyi və hazırkı Razılaşma ilə nəzərdə tutulan digər vəzifələri icra etməlidir.
9) ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI
  • 9.1. Vebsaytda qeydiyyatdan keçmiş İstifadəçilər (Alıcılar və Satıcılar) məlumat mübadilələri edərkən istehsal və kommersiya sirrlərini qorumaq öhdəliyini üzərlərinə götürürlər, bu cür məlumatların qəsdən birbaşa və ya dolayı yolla digər şəxslərə ötürülməsi qadağandır.
  • 9.2. Supply Builds Satıcıların və Alıcıların malik olduğu əqli mülkiyyət hüquqlarının qorunmasına görə məsuliyyət daşımır.
10) MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏR
  • 10.1. İstifadəçilər (Alıcılar və Satıcılar) Vebsaytda düzgün, tam və həqiqi məlumatları yerləşdirməməyə görə başqa şəxslərə vurduğu zərərə görə tam həcmdə məsuliyyət daşıyırlar.
  • 10.2. Satıcılar və Alıcı şəxslər bütün məlumatların, xidmətlərin və ya onların istənilən hissəsinin reklamla müşayət olunması barədə Supply Builds-in təklifini qəbul edir və Supply Builds-in məlumatlara görə hər hansı məsuliyyət daşımadığını və belə reklamla bağlı hər hansı öhdəliyi olmadığını qəbul edir.
  • 10.3. Supply Builds-in fəaliyyəti müvafiq məlumatların Vebsaytda yerləşdirilməsi ilə məhdudlaşır, Supply Builds göstərdiyi xidmətlərə dair Satıcılar və Alıcılar arasında yaranmış mübahisələrə, məhsulların keyfiyyətinə və öhdəliklərin icra edilməməsinə və ya lazımi qaydada icra olunmaması ilə bağlı tərəfə dəymiş zərərə görə məsuliyyət daşımır.
  • 10.4. Alıcı yaratdığı RFQ-nin son statusunu yanlış qeyd etməyə, yaxud ümumən qeyd etməməyə görə məsuliyyət daşıyır. Bu hal 3 (üç) dəfədən artıq Supply Builds tərəfindən aşkar olunarsa, Alıcının Vebsaytdan istifadəsi qismən və ya tam məhdudlaşdırıla bilər.
  • 10.5. Supply Builds Vebsaytda qeydiyyatdan keçmiş İstifadəçilər tərəfindən təqdim olunmuş məlumatların həqiqiliyinə və doğruluğuna görə məsuliyyət daşımır.
  • 10.6. Bu Razılaşmanın şərtlərini və qaydalarını pozması nəticəsində Vebsaytdan istifadəsi məhdudlaşdırılmış İstifadəçilərin (Alıcıların) hesablarında istifadə olunmayan RFQ paketi qaldığı halda belə bu RFQ paketinin qalıq dəyəri İstifadəçiyə (Alıcıya) qaytarılmayacaqdır.
  • 10.7. Satıcılar və Alıcılar arasında yazılı və şifahi sazişlər birbaşa bağlanılır. Supply Builds belə sazişlərə nəzarət etmir və onlara görə məsuliyyət daşımır.
  • 10.8. Bu Razılaşma ilə bağlı Tərəflər arasında yaranmış bütün mübahisələr ilk öncə qarşılıqlı dostcasına danışıqlar vasitəsilə həll olunmağa çalışılmalıdır. Bu yolla həll oluna bilməyən mübahisələr maraqlı tərəfin müraciəti əsasında Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll olunacaq.
  • 10.9. Bu Razılaşmanın icrasından irəli gələn mübahisələr Azərbaycan Respublikasının maddi və prosessual qanunvericiliyinə əsasən baxılıb həll olunacaqdır.
11) DİGƏR MÜDDƏALAR
  • 11.1.Hazırkı Razılaşma bütün İstifadəçilərə münasibətdə Vebsayta daxil olduğu andan, Alıcılara münasibətdə isə Vebsaytda qeydiyyatdan keçən andan qüvvəyə minir, İstifadəçilərə münasibətdə müddətsiz, Alıcılara münasibətdə Alıcının Profilinin ləvğ edilməsi halı istisna olmaqla, müddətsiz qüvvədədir.
  • 11.2.Bu Razılaşma ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənəcək.
  • 11.3.Hazırkı Razılaşmaya edilən bütün əlavə və dəyişikliklər bu Razılaşmanın ayrılmaz tərkib hissəsi hesab olunur.